Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Ali Məclisin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümüdür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanın muxtariyyəti tarixi hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur”. Naxçıvanın muxtariyyətinin 2 mərhələsi xüsusilə çətin və mürəkkəb dövr olmuşdur. Bunlardan biri 1920-1924-cü illəri əhatə edən muxtariyyətin yaranması, digəri isə 1990-1993-cü illərdə muxtariyyətin qorunub saxlandığı dövrdür. Naxçıvan 1990-1993-cü illərdə ümummilli liderimizin də dediyi kimi “Taleyin ümidinə buraxılmış tənha ada”nı xatırladırdı. Doğrudan da, əgər 1920-1924-cü illərdə böyük mübarizənin nəticəsində muxtariyyət statusu qazanılmışdısa, 1990-1993-cü illərdə isə Naxçıvan taleyin ümidinə buraxılmış tənha bir adanı xatırladırdı. Ölkə Prezidentinin də dediyi kimi, “Heydər Əliyev öz vətəninə, doğulduğu yerə - Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı olmuşdur
Noyabrın 16-da Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə çıxış edərək demişdir: Azərbaycanın Naxçıvan diyarı qədim tarixə malikdir. Burada əsrlər boyu böyük mədəniyyət formalaşmışdır. Biz bu gün Naxçıvanın qədim mədəniyyətindən danışarkən təkcə sənətkarlıq, əkinçilik, memarlıq mədəniyyətini yox, bununla yanaşı, zəngin dövlətçilik mədəniyyətini də nəzərdə tuturuq. Bu ərazidə müxtəlif dövrlərdə mükəmməl dövlət idarəçiliyi formaları meydana çıxmışdır. Buna misal olaraq Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edən Naxçıvan xanlığını göstərmək olar. Naxçıvan xanlığı böyük bir əraziyə malik idi. Olduqca gərgin bir dövrdə yaranan bu dövlət qurumu Azərbaycanda inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermiş, xalqımıza məxsus tarixi ərazini, dili və milli mədəniyyəti qorumağı bacarmışdır.