Naxçıvan xanlığının döyüş bayrağı dördkünc formada olaraq, uzunluğu 145, eni isə 159 santimetrdir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillahir-rəhmanir-rəhim”, bayrağın sol tərəfində “Quran-i Kərim”dən 48-ci əl-Fəth surəsinin bir hissəsi yazılıb: “Həqiqətən, biz sənə açıq-aşkar zəfər bəxş etdik”. Bayrağın aşağı hissəsində “Quran-i Kərim”dən 2-ci əl-Bəqərə surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə “Ey rəbbimiz, bizə çoxlu səbir ver, bizi sabit et”, sol tərəfdə isə “Bizə kafir qövmü üzərində qələbə qazandır” yazıları vardır. Bayrağın orta hissəsində aslan və günəş rəmzi təsvir edilib. Aslanın sol pəncəsində qılınc təsvir edilib. Bayraq torbacığı sol tərəfdən tikilib. Bayraq ucluğu ələm formasındadır. Ucluğun üzərinə ucları qotazlı ağ rəngdə iki lent bərkidilib. Bu bayraq Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilmiş döyüş bayrağıdır.
Bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi-ideoloji, dini və tarixi-mədəni ənənələrini əks etdirir.