Naxçıvanda üçrəngli bayrağımızın qaldırılması dövlətçilik tariximizdə mühüm mərhələdir

Nəşr edilib 17.11.2018 09:31

 

        Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

       Ali Məclisin 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi fəaliyyət göstərməsi üçün tarixi qərarlar qəbul edildi. Ulu öndər bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı.

       1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet ­sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır”.

       Dahi şəxsiyyətin işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixində ilk və mühüm dövlət sənədi kimi özünəməxsus yerə malikdir. Həmin qərarda deyilirdi:

       “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

       Həmin gün üçrəngli bayrağımız zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Bununla da milli dövlətçiliyimizin dirçəliş prosesinin hüquqi əsaslarının yaradılmasına məhz ulu öndərimizin rəhbərliyi ilə Naxçıvandan başlanmışdı. O dövrdə dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi tədbirlər müstəqillik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrü xarakterizə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul olundu”.

       Sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında” Qərarın qəbul olunması, SSRİ kimi qüdrətli bir imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet”, “sosialist” sözlərinin çıxarılması çox böyük cəsarət tələb edirdi. Bununla, milli dövlətçiliyimizin hüquqi əsaslarının yaradılması, eləcə də Azərbaycanın dirçəlişi yolunda mühüm addım atılmış oldu. 

       Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza hər zaman böyük sevgi ilə yanaşılmışdır. Dövlətçiliyimizin, milli dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılması isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin aparıcı istiqamətidir. 

       Muxtar diyarımızda dövlət atributlarına hörmət və ehtiram bu gün yüksək səviyyədədir. Bu, Naxçıvanın qədim dövlətçilik tarixinə malik olması və Azərbaycanın dövlətçilik ənənəsinin qorunub saxlanılmasındakı xüsusi rolu ilə birbaşa bağlıdır. Beşminillik şəhər mədəniyyəti tarixini özündə yaşadan Naxçıvan dünya sivilizasiyasında möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüz illər boyu formalaşmış böyük dövlətçilik ənənələrinin də saxlanc yeri olmuşdur. Onuncu əsrdə “Naxçıvan şahlığı”, on ikinci əsrdə isə Azərbaycan Atabəylər dövləti yaranmışdır. On səkkizinci əsrdə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan xanlığı inzibati idarəçiliyin formalaşmasına xüsusi töhfə vermişdir. İyirminci əsrin əvvəllərində Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsində və tarixi ərazisinin qorunmasında mühüm xidmətlər göstərmiş, 1 milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikası da tarixi köklərimizdən gələn, Naxçıvan xanlığı dönəmində yeni idarəçilik meyarları ilə zənginləşən dövlətçilik ənənələrimizin əsasında qurulmuşdur.

       Naxçıvan Muxtar Respublikası mövcud olduğu vaxtdan konstitusion səviyyədə özünün atributlarına, o cümlədən Dövlət Bayrağına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sovet Sosialist Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-in 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci ildə qəbul edilmiş konstitusiyalarında muxtariyyətin Dövlət gerbi və Dövlət Bayrağı haqqında hüquqi müddəalar olmuş, onların təsvirləri verilmişdir. 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və digər atributları təsbit edilmişdir. 

      Naxçıvanın dövlətçilik tarixinin, ənənələrinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər mühüm əhəmiyyətə malikdir. Çünki çoxəsrlik dövlətçilik tariximizin, qəbul olunmuş dövlət rəmzlərinin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi Azərbaycan milli ideologiyasının tarixi köklərini və mahiyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı ­Sərəncam mühüm əhəmiyyətə malikdir. ­Sərəncamın icrasına uyğun olaraq 2014-cü ildə Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılmışdır. Muzeyin açılışında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

       Bu gün Dövlət Bayrağı Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna rol oynayır. Muzeyə gələn ziyarətçilər ulu ­öndərimizin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara və həmin tarixi günə aid fotoşəkillərə tarixi keçmişimizin şanlı səhifəsi kimi maraqla baxırlar.

       Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan ərazisində mövcud olmuş qədim dövlətlərin, eləcə də  Naxçıvan xanlığının dövlət bayrağının müəyyən edilməsi və üzə çıxarılması istiqamətində ardıcıl tədbirlər görülür. Görülən işlərin nəticəsi olaraq Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi muzeylərinin bayraq fondlarında Naxçıvan xanlığının dövlət və döyüş bayraqları aşkar edilmişdir. Bayraqların üzərindəki təsvirlər Naxçıvan xanlığının hərbi­-siyasi mövqeyini, strategiyasını tam şəkildə ifadə edir. Bu bayraqlar Naxçıvan xanlığının tarixini öyrənmək, xanlığın hərbi-siyasi hədəflərini, ideologiyasını müəyyən etmək baxımından da əhəmiyyətlidir. Naxçıvan xanlığının bərpa olunmuş həmin bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, qədim pul nişanları, Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin bayraqları da bu gün Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində nümayiş etdirilir.

       Bu gün hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə ulu öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini və Heydər Əliyev yoluna sədaqətlərini ifadə edirlər.

“Şərq qapısı”

 

http://www.serqqapisi.az/index.php/ictimai-siaysi/17236-nakhch-vanda-uchraenzhli-bayragh-m-z-n-gald-r-lmas-doevlaetchilik-tarikhimizdae-muhum-maerhaelaedir