Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır

Nəşr edilib 17.11.2016 09:33

 

       Naxçıvan Azərbaycanın milli dövlətçilik tarixində mühüm yer tutur. Dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri bəxş edən bu qədim diyar həm də xalqımızın yüzillər boyu formalaşmış böyük dövlətçilik ənənələrini özündə yaşadır. Qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapır. Mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 26 il bundan əvvəl, 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır.

       Ulu öndər sonralar bu barədə demişdir: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ kommunist partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunsun – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.

       Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası yarandığı vaxtdan konstitusion səviyyədə özünün atributlarına, o cümlədən Dövlət Bayrağına malik olmuşdur. 1924-cü ildə qəbul edilmiş “Naxçıvan Sosialist Sovet Respublikası haqqında Əsasnamə”də, Naxçıvan SSR-in 1926-cı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1937-ci və 1978-ci ildə qəbul edilmiş konstitusiyalarında muxtariyyətin Dövlət gerbi və Dövlət Bayrağı haqqında hüquqi müddəalar olmuş, onların təsvirləri verilmişdir. İlk dəfə olaraq 1998-ci il Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı və gerbi ilə yanaşı, Dövlət Himni də təsbit edilmişdir. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 10-cu maddəsində qeyd olunur ki, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir”.

       Naxçıvanın ötən əsrin 20-ci illərində qazandığı milli sərvəti – muxtariyyəti Azərbaycan dövlətçiliyinin inkişafı, tarixi ənənələrin qorunub yaşadılması istiqamətində atılan əsaslı addımlar üçün zəmin hazırlamışdır. Belə ki, Naxçıvanın muxtar dövlət olması 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının muxtar respublikanın Dövlət Bayrağı kimi qəbul edilməsi qarşısında heç bir siyasi-hüquqi maneənin olmamasına şərait yaratmışdır. Beləliklə, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanılmışdır. Ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edilmişdir. 

       Dahi şəxsiyyətin özünün işləyib hazır­ladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi Qərarda deyilirdi: 

   “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: 

“1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

       Bundan sonra yeni qəbul olunmuş Dövlət Bayrağı Naxçıvan parlamentinə gətirilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir.

       Müstəqilliyimizin bərpasından keçən dövr ərzində ölkəmizdə milli atributlarımıza böyük sevgi ilə yanaşılmışdır. Müstəqilliyimizin, dövlətçiliyimizin və milli dəyərlərimizin daşıyıcısı olan üçrəngli bayrağımıza ümumxalq sevgisinin formalaşdırılması Heydər Əliyev siyasi yolunun əsasını təşkil edir. Bu yolun uğurla davam etdirilməsinin nəticəsidir ki, 2007-ci ildə paytaxt Bakı şəhərində Bayraq Meydanı yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildiyi gündə – 2009-cu il noyabrın 17-də imzaladığı tarixi Sərəncam ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə, Naxçıvanda formalaşdırılan tarixi dövlətçilik ənənələrinə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək səviyyədə göstəricisidir. Ölkə başçısı 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində demişdir: “Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir…”

       Çoxəsrlik dövlətçilik tariximizdə qəbul olunmuş rəmzlərin, rəsmi şəkildə istifadə edilmiş bayraqların bütöv bir sistem halında tədqiq edilməsi milli ideologiyamızın tarixi köklərini və mahiyyətini müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir. Bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il avqustun 22-də imzaladığı Sərəncam tarixi əhəmiyyət daşıyır. Sərəncamın icrasına uyğun olaraq Naxçıvan şəhərində yaradılan və 2014-cü ildə Azərbaycan dövlətçiliyi üçün tarixi əhəmiyyət kəsb edən bir gündə – noyabrın 17-də açılış mərasimi keçirilən Dövlət Bayrağı Meydanı və Muzeyi ulu öndərimiz Heydər Əliyevin yoluna sədaqətin təzahürü idi. Dövlət Bayrağı Meydanı və Muzeyinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır”.

       Bu gün Naxçıvan şəhərindəki Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna rol oynayır. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muzeyə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Himninin mətninin və dövlət gerbinin təsvir olunduğu xatirə hədiyyələri, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları ekspozisiyada yerləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan xanlığının bayraqlarının tapılıb üzə çıxarılması istiqamətində tədqiqat işləri aparılmış, Naxçıvan xanlığının dövlət və döyüş bayraqları Rusiyanın Sankt-Peterburq şəhərindəki muzeylərdən tapılaraq Naxçıvana gətirilmişdir. Hazırda Dövlət Bayrağı Muzeyində tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, qədim pul nişanları nümayiş etdirilir. “Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən, hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

       Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Bu gün qədim diyarın sakinləri noyabrın 17-ni Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd etməklə bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını əbədi təsdiq edən üçrəngli bayrağımızın qürurunu yaşayır.

“Şərq qapısı”

http://www.serqqapisi.az/index.php/ictimai-siaysi/11283-uchraenzhli-bayragh-m-z-nakhch-vanda-aebaedi-yuksaekliyae-gald-r-lm-shd-r