1981-ci ilə aid Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bayrağı - 1978-ci ildə qəbul edilmiş Naxçıvan MSSR Konstitusiyasının 160-cı maddəsində muxtar respublikanın Dövlət bayrağının aşağıdakı təsviri verilmişdi: “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət bayrağıdır; bu bayraq iki rəngli üfüqi zolağı olan düzbucaqlı parçadan ibarətdir: qırmızı rəngli yuxarı zolaq bayrağın eninin dörddəüç hissəsini və göy rəngli aşağı zolaq dörddəbir hissəsini təşkil edir, qırmızı zolağın yuxarı sol küncündə, bayrağın ağacı yanında zərli oraq və çəkic, bunların üstündə qızıl haşiyə içərisində beşguşəli qırmızı ulduz təsviri vardır. Oraq və çəkic şəklinin altında Azərbaycan dilində qızıl hərflərlə “Naxçıvan MSSR” sözləri yazılmışdır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir”.
1981-ci il aprelin 2-də Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”nin yeni redaksiyası təsdiq edildi. Yeni redaksiya 1956-cı il Əsasnaməsinin ilkin redaksiyasındakı təsviri dəyişikliklərsiz təkrar edirdi, yalnız çex bayraqşünası Pavel Foytik “Veksillologiya” (“Vexilologie”) bülleteninin 1987-ci ildə dərc edilmiş 68-ci sayında göstərirdi ki, bayrağın qrafiki təsvirində “Naxçıvan MSSR” yazısı oraq və çəkic embleminin aşağısında iki sətirdə balaca şriftlərlə verilmişdi. Bayraq qumaşının arxa tərəfində yazı, oraq, çəkic və ulduz təsvir edilməmişdi.