1956-cı ilə aid Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının bayrağı - 1952-ci il oktyabrın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Fərman verdi. Azərbaycan SSR-in 18 avqust 1953-cü il tarixli Qanunu ilə həmin bayrağın təsviri Azərbaycan SSR-in 1937-ci il Konstitusiyasının (Əsas Qanununun) 152-ci maddəsinə daxil edildi. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 22 avqust 1953-cü il tarixli Fərmanı ilə Azərbaycan SSR-in Dövlət bayrağı Naxçıvan MSSR-in Dövlət bayrağı elan olundu.
Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 iyun 1956-cı il tarixli Fərmanı ilə müəyyən edildi ki, “Naxçıvan MSSR-in Dövlət bayrağında oraq və çəkic təsvirinin altında qızılı hərflərlə Azərbaycan dilində “Naxçıvan MSSR” yazısı vardır”. 1956-cı il iyunun 30-da isə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”də muxtar respublikanın bayrağı aşağıdakı şəkildə təsvir edilmişdi: “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Dövlət bayrağı iki üfüqi şəkildə yerləşmiş rəngli zolaqdan ibarət düzbucaqlı qumaşdan ibarətdir: yuxarıdakı zolaq qırmızı rəngdə olub, bayrağın eninin 3/4 hissəsini təşkil edir, aşağıdakı göy rəngli zolaq isə bayrağın eninin 1/4 hissəsini təşkil edir, qırmızı zolağın yuxarı sol küncündə bayraq ağacı yanında qızılı oraq və çəkic vardır, oraq və çəkicin üzərində qızılı xətlə haşiyələnmiş beşguşəli ulduz yerləşir. Oraq və çəkic təsvirinin altında qızılı hərflərlə Azərbaycan dilində “Naxçıvan MSSR” yazısı vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Oraq və çəkic tərəfləri bayrağın eninin 1/4-nə bərabər olan kvadratın ölçüsündə təsvir olunur. Orağın iti ucu kvadratın yuxarı tərəfinin ortasına uyğun gəlir, oraq və çəkicin tutacaqları kvadratın aşağı künclərinə istiqamətlənir. Çəkicin tutacağı ilə birlikdə uzunluğu kvadratın diaqonalına bərabərdir. Beşguşəli ulduz bayrağın eninin 1/8-nə bərabər diametrdə təsvir olunur və kvadratın yuxarı hissəsi ilə kəsişir. Ulduzun, oraq və çəkicin şaquli oxunun bayraq ağacı ilə məsafəsi bayrağın eninin 1/3-nə bərabərdir. Bayrağın yuxarı tərəfindən ulduzun mərkəzinədək məsafə bayrağın eninin 1/8-nə bərabərdir”.